İlham Əliyev apreldən sonra hansı nazirləri yola sala bilər? - eksklüziv siyahı

İlham Əliyev apreldən sonra hansı nazirləri yola sala bilər?


Aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra hakim komandada ciddi dəyişikliklər olacağı gözlənilir

FİA.Az-ı iqtidardakı mötəbər qaynağın bilgiləndirdiyinə görə,
 prezident İlham Əliyev seçkidə qalib gələcəyi halda komandaya əl gəzdirəcək. 

Referendumdan sonra başlanmış sürətli islahatlar, struktur və kadr dəyişiklikləri seçkidən sonra davam etdiriləcək. 

Mənbənin qeydlərinə görə, apreldən sonra hakimiyyət içində dövlət rəhbərliyinin siyasi kursuna zidd fəaliyyət göstərən bəzi nazirlər və komitə rəhbərləri yola salınacaq. 

Əldə etdiyimiz xəbərlər ondan ibarətdir ki, İ.Əliyev işləmək istəmədiyi bir neçə nazirin sərəncamını verəcək. 

Cəmiyyətdən gələn sosial sifariş də dəyişiklikləri labüd edir. Eyni zamanda hakimiyyət islahatlara və yenilənməyə məhkumdur. Ölkə başçısı çevik, operativ kadrlara üstünlük verir. 

Ən azın 2015-2018 aralığında bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb. Vergilər naziri, rabitə naziri, nəqliyyat naziri, milli təhlükəsizlik naziri dəyişib. 
Ondan qabaq əmək və əhalinin sosial müdafiəsi naziri, kənd təsərrüfatı naziri, müdafiə naziri dəyişib. 

2018-ci il seçkilərindən sonra da nazir, icra başçısı, komitə rəhbəri postlarında sürpriz dəyişikliklərə gediləcək. 

Bu xüsusda səhiyyə naziri Oqtay Şirəliyev, KTN rəhbəri Heydər Əsədov, maliyyə naziri Samir Şərifov üçün sınaq müddəti ola bilər. 

Bundan əlavə, Əmlak Komitəsi rəhbəri Kərəm Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gömrük Komitəsi sədri Aydın Əliyev, boş qalan təhsil naziri postunda yeni kadrlar görə bilərik. 

Seçkidən sonra NK-nin ləğvinə də hazırlıq gedə bilər. Doğrudur, bunun baş verməsi nəzəri baxımdan mümkün deyil. 

Lakin zaman sübut etdi ki, vitse-prezidentlik institutu NK-nı qabaqladı. Bu gün I vitse-prezidentin fəaliyyəti NK-nin bütövlükdə gördüyü işlərdən irəlidədir.

FİA.Az xəbər verir ki, vitse-prezidentlər hələ ki təyin olunmayıb. Belə görünür ki, apreldə prezident seçkilərindən sonra vitse-prezidentlər müəyyən ediləcək. 

Ancaq NK kölgədə qaldı, getdikcə səlahiyyətləri azaldılır, hətta Artur Rasi-zadədən sonra bu strukturun mövcud olacağı da sual doğurur.

Hakimiyyətin yeni idarəçilik sistemi Nazirlər Kabinetini lazımsızlaşdırıb. Hətta baş nazirin müavinləri, bəzi nazirlər də vəzifəsini itirə bilər. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib. 

İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir. 

Yaşlı nazirlərin rəhbərlik etdiyi Nazirlər Kabineti islahatlara mane olan qurum təsiri bağışlayır. Qurumun fəaliyyətsizliyini illik hesabatlarında da görmək mümkündür. 

Nazirlər Kabineti demək olar ki, hər il eyni hesabatlarla çıxış edir. Əsas diqqət siyasi, iqtisadi, sosial yönlərdə ola biləcək dəyişikliklərə yönəlib. 

Ölkə iqtidarının seçki ilində bu istiqamətlərdə köklü dəyişikliklərə gedib-getməyəcəyi indidən suallar doğurur. 

Siyasi şərhçilər hakimiyyətin seçkilərə qədər ciddi kadr dəyişiklikləri edə biləcəyinin anonsunu verməkdədirlər. 

Xüsusilə, əsas dövlət strukturlarında belə dəyişikliklərin olacağı, bir çox iri ranqlı məmurların vəzifələri ilə vidalaşacaqları deyilir.

Əsasən, yeni kadrlar I vitse-prezidentin ətrafında toplaşacaq. Onun komandasının formalaşması davam edəcək, bu komandanın üzvləri mühüm vəzifələrə gətiriləcək. Getdikcə köhnə kadrların yeniləri ilə əvəzlənməsi prosesi gedəcək. 

Əsasən seçki hazırlığı və hakimiyyətin seçicilərin rəğbətini qazanmaq üçün fəaliyyətlərinin şahidi olacağıq. İş adamları üçün şəraitin yaxşılaşdırılması və Qərblə münasibətlərin normallaşdırılması istiqamətində də işlər görüləcək. 

Vətəndaş cəmiyyəti ilə münasibətlərin normallaşdırıması istiqamətində də fəaliyyətlər ola bilər, yəni siyasi məhbusların azadlığa buraxılması, müəyyən qərarların qəbulu, ictimai təşkilatlara işləmək şəraitin yaradılması və digər addımlar atıla bilər.


Xeberi beyendinse beyen düyməsinə bas fikrini bildir

Yorumlar